Çərpələng-Dağınıq fikirlər bloqu

Posts Tagged ‘Azeri


Bir neçə ay bundan qabaq, həmişəki gülünc bəhanələrlə zindana atılmış jurnalistlərdən birinin ailəsi ona baş çəkmişdi. Görüşdən sonra yeniyetmə qızını danışdırdılar, dedilər, bəs, nə hisslər keçirirsən? Dedi “of bə, elə bil dünyanı mənə verdilər!”

… İndi deyirəm, qızım, dünyanı verdilər, lap yaxşı. Daha bu  “of bə” nə idi?! “Of”umuz var, buna bə artırmaq təzə dəbə minib? (Əslində,”bə”miz var, ancaq o “bə”dən deyil, “bəs”in ləhcə variantıdır)

Bu da “Türkiyə filmlərini olduğu kimi versinlər” deyənlərə cavab…Özü də, bu meyli çoxdandır hiss eləmişəm. Beş il qabaq belə şeylər az-az rast gəlinərdi. İndi isə yetişməkdə olan nəsil elə bu cür xoruz buraxa-buraxa gedir. Ancaq, hara gedir, Allah bilir…

Yenə də deyirəm, belə yaxınlığın (necə də olsa kökümüz birdir) yaxşı tərəfləri az deyil. Elə özüm gündəm, özəlləşdirmə, cizgi filmi (bunun haqqında xüsusi qeydim olacaq) kimi sözləri sevə-sevə işlədirəm. (Bilgisayar da çox xoşuma gəlir. Heyf ki, işlətmirik). Bunlar biz danışan dilin quruluşuna, söz xəzinəsinə uyğundur və adamın qulağını oxşayır. Üstəlik, ya əvvəllər olmayan məfhumlar üçün işlənir, ya da əvvəlkilərini daha doğma səslənənlərlə əvəz etmək üçün.

Ancaq, danışıq dilinin ədatlarını da durub Türkiyə seriallarından öyrənsək, daha bu olmadı ki…


O gün düşünürdüm, görəsən Azərbaycan dilinin saflığını, gözəlliyini, ya da heç olmasa, adice düzgünlüyünü qoruyacaq bir dil qurumu varmı? Məncə, olmamış olmaz, amma niyə fəaliyyətini görmürük? Bu da siyasi fəaliyyət deyil ki, deyim dövlət təsisatları bu gün  öz işini görməyə qorxur, ya da istəmir. Həftəlik ya aylıq bir jurnal ya da təlimat və məsləhət toplusu buraxsınlar. İşləridir də, bəlkə belə deyil?

Türkiyədə, məsələn bu işi Türk Dil Kurumu (TDK), Fransada Académie Française görür. Avropa Birliyinin dillə məşğul olan təsisatları burada sadalanir. Bizdə də yəqin bu işə Elmlər Akademiyasının müvafiq qurumu baxır. Kağızda təbii ki…

Məntiqlə düşünsək, yəqin ki, yenə də maaş məsələsidir. Əlbəttə, heç bircə bazarlığa da yetməyən maaşla hansı işdən söhbət gedə bilər. Dilçilərimizin başı qarışıb ali məktəbə test sistemi ilə  tələbə hazırlaşdırmağa. Dil yaddan çıxıb, amma onlarda günah görmürəm. Deyirəm, Neft Fondu bir dilimizin də inkişafına pul ayırsaydı, dərdimiz olmazdı. Dövlətin deyəsən pulu qalmayıb axı belə “xırda-mırda” şeylərə.  Ehhh…


Istədim məni ən çox narahat edən şeylərdən biri haqda danışım: dilimizin yavaş-yavaş eybəcərləşdirilməsi haqqında. Xalqımız gündən-günə avamlığa və savadsızlığa yuvarlandıqca, dilimiz də onu “layiqincə” muşayiət edir.

“Eləmisən mi?, Olublar ?” kimi qəliblərə heç rast gəlmisinizmi? Mən şəxsən yahooqruplarda, xəbər saytlarımızda çox rast gəlirəm. Əvvəllər bu kimi hallar mənə böyük bir barbarlıq kimi gəlirdi. Indi belə şeylərə nisbətən dözümlü olmağı öyrənmişəm. Çünki əsas olanı insanların arasında ünsiyyətdir ki, dil də məhz buna xidmət etməlidir. Bu baxımdan, belə kiçik səhvlər bağışlana bilər və bağışlanmalıdır da. Ancaq bunları etməmək də olar.

Söhbət etdiyim insanların dil səhvləri etmələri məni nə qədər narahat etsə də, buna dözürəm, çünki, onların dediklərinin canı daha önəmlidir. Ancaq həmin mənanı daşıyan qablar ki, var, bax onlar dilə estetika verir. Odur ki, mənanı həmişə öndə tutaraq, dilimizə də fikir versək gözəl danışarıq. Danışıq dilində belə şeylər daha çox səsin çaları (intonasiya), alınma sözlər və sairdə üzə çıxırsa, yazılı dildə sözlərin düzgün yazılışı (orfoqrafiyasi) da əlavə olunur. Bir neçə aktiv yahoo qrupuna üzvəm. Onlarda oxuduqlarım bəzən tükümü ürpədir. Odur ki, çalışacam mütəmadi olaraq gördüyüm səhvləri bu bloqda üzə çıxarım və düzgün şəklini sizlərlə bölüşüm. Daha düzgün hesab etdiyiniz variantlar olarsa, şərhrlərinizə məmnuniyyətlə qulaq verərəm. Hələliksə, xahişim bu olacaq ki, sual şəkilçileri olan -mı, -mi, -mu, -mü şəkilçilerini ayrılıqda işlətməyəsiniz. Əvvəllər yalnız Türkiyədə oxuyub gələnlərdə bu səhvleri görürdüm. Son zamanlar, başqalarında da üzə çıxmağa başlayır. Belə meyl adamı narahat edir. Deməli, düzgün şəkli budur: “Etdinmi? Budurmu? Olubmu? Yaşamısanmı? və s.”