Çərpələng-Dağınıq fikirlər bloqu

Archive for the ‘Dilimiz’ Category


Bu yazını oxucularımdan birinə cavab olaraq başladım. Ancaq məsələnin əhəmiyyətini düşünüb ayrıca post halına salmağı qərara aldım.

Latın və yunan dilləri Qərb üçün nə olubsa, ərəb dili də müsəlman Şərqi üçün o olub (bəzi istisnalarla, fars dilini də bura əlavə edərdim). Belə şeylərə tarixin güzgüsündən baxmağı bacarmaq lazımdır. İslam dini və mədəniyyətinin bizim xalqın təşəkkülündə yeri danılmazdır. Bunlar bizim kimliyimizin bir parçasıdır. İndi biz ərəb deyilik deyə, bunları kəsib atmaq mənə gülünc gəlir. Elə eləsək, dilimiz özgələşər. Ümumiyyətlə, bu təsir olmasaydı, Qumilyov demişkən, “Azərbaycan türkmənləri” indi başqa bir etnos idi. Eyni sözlər yəqin ki, Azərbaycanın (və daha geniş mənada, regionumuzun) digər xalqlarına da Bu yazının qalanını oxu »


Əvvəlki yazımda artıq sözlük layihəsi haqda qısaca yazmışdım. İndi istəyirəm bu layihəyə qoşulmaq istəyənlərə daha dolğun məlumat verim.
Bu günkü iqtisadın dili ingilis dilidir. Bütün yeni anlayışlar o dildən gəlir. Onları düzgün tərcümə etmək elə də asan iş deyil. Başdansovda tərcümələrinsə faydalı iş əmsalı az qala sıfırdır, oxuyan heç nə başa düşmür. Çünki, o məfhumları anlamaq üçün geniş təriflərini oxumaq, hansı yerlərdə işə yaradığını bilmək gərəkdir.

Odur ki, Bu yazının qalanını oxu »


Cəmiyyətdə gülməli adlara hamımız rast gəlmişik. Elə bu yaxınlarda tanış olduğum bir dərbəndli azərbaycanlı oğlunu çağıranda özümü gülməkdən güclə saxladım: uşağın adı Gilas (!) imiş. Görəsən, uşaqlarına belə ad verənlər onların gələcəyini heç düşünürmü?…  Deyəcəksiniz ki, savadsızlıqdandır. Düz deyəcəksiniz. Avamlıqdandır həm də…

Ancaq özümüzün də savadsızlıqdan güldüyümüz adlar az deyil. Bəziləri qədim adlardır, bəziləri qısaltmalardan gəlir. Bəziləri qonşu dillərdən gəlib bizdəki tamam başqa sözlərə oxşayır, bəziləri də əksinə, başqa dillərdə gülməli səsləndikləri üçün bəzilərimizi güldürür. Bu sonuncu məqamı nəzərə alıb, rusdilli dostlar üçün vaxtilə bəzi adların izahını vermişdim. Adlar bu keçiddədir (ola bilər, fwd şəklində poçt qutunuza dəfələrlə gəlib ; ən axırdakı ismarıca baxın). Onlara verdiyim izahlar isə burda. Hamısı ruscadır, ancaq düşündüm ki, azərbaycan bölməsini bitirənlərin də bir çoxuna maraqlı olar.

Bu kimi adlarla qarşılaşmısınızsa, yazın, elə burda da müzakirə edə bilərik. Özüm də, eşidib bildikcə yazacam, izah etməyə çalışacağam.


Həmişə düşünmüşəm ki, gələcək müəllimlərin stimul sistemini düzgün qurmuruq deyə, müəllimlik peşəsini əlacsız qalıb seçən gənclər çox olacaq. Bu gün artıq vəziyyət o yerdədir ki, bu gənclər əksəriyyət təşkil edir. Müəllimlər İnstitutu abituriyentlərin seçim siyahısında heç vaxt yuxarıda gəlmir. Bura düşən tələbələr nisbətən az bal toplayanlar olur. Bu o demək deyil ki, onlar fərsiz olur. Yox, əsla. Sadəcə olaraq, ən yaxşılarımız qədər istedadlı olmurlar. Bu sonuncularsa gedib adında “beynəlxalq” sözü olan ixtisasları seçirlər, ancaq heç axırıncı kursa gəlib çatanda da nə iş görə bildiklərini başa salmaqda çətinlik çəkirlər. Qərəz, sözüm onda deyil…

Eləcə demək istəyirdim ki, aşağıda gətirəcəyim gündəlik yazı səhvləri təkcə orta və ali təhsil sistemimizin sistemsizliyində (!) deyil, həm də gənclərin müəllimliyə yönəldilmə mexanizminin nasaz olmasındadır.  Məncə, bir iyirmi il əvvəl çoxları belə vəziyyəti ağlına belə gətirməzdi. Beləliklə, bu gün istəyirəm gözümüzü ağrıdan səhvlərdən deyim.

Azərbaycan dilinin Qərbi Avropa dillərindən fərqinindən danışanda deyirik ki, biz olduğu kimi yazırıq: hər hərf bir səsə uyğun gəlir. “Eşitdiyimiz kimi yazırıq” da demək olar. Ancaq, deyəsən, cavanlar bunu ağına-bozuna baxmadan eləyirlər:

  • “hətta”, “əlbəttə”, “hoppanmaq” kimi qoşa samitli sözlərin son zamanlar deyildiyi kimi yazıldıqlarının şahidi oluram. Yəni birinci samit kardırsa, ikincisini də belə yazmaq yerinə, durub cingiltili qarşılığı ilə əvəz edirlər. Yəni necə deyirlərsə elə:   hətda, əlbətdə, hopbanmaq.
  • Deyildiyi kimi yazmaq səhvi “elə” “əlbət”, “indi” kimi saitlə başlayan sözlərə də yayılıb. Ona görədir ki, yahoo qruplarında tez-tez bunların qabağına bir yağlı “h” qoyulduğuna rast gəlirik. Ay camaat(camahat yox aa), “helə” “həlbət“, “hindi” yazmazlar.
  • Sözlərin bitişik ya ayrı yazıldığını bilməyəndə, yazılanı anlamaq çətinləşir.
    • Məsəl üçün, “məndə” və “mən də” ifadələri tamamilə ayrı məna daşıyırlar. Birinci “-də” ismin yerlik halının şəkilçisidirsə, ikinci “də” bağlayıcıdır. Son vaxtlar bunların bir-birinin yerinə işləndiyini müşahidə edirəm.
    • “Hələ ki”, “halbuki” sözlərini “hələki“, “hal bu ki” yazanlar var. Mat-məəttəl qalıram…
  • “onu istifadə edirəm” yazanların sayı get-gedə artır. Bir şeyi istifadə etmək olmur, işlətmək olur. Amma bir şeydən istifadə etmək olur. Məsələn: “Çox vaxt çəhrayı boyadan istifadə edirəm, amma narıncı rəngi də işlətdiyim olub”.
  • düzdü(r)… “r” hərfini danışıqda işlətmirik,çünki, çox rəsmi çıxır. Bir çox mətbuat vasitələri (ən çox da internet portalları) “r”nin ölümünü rəsmiləşdirmək istəyir, elə bil. Bunu qəsdən etmirlər yəqin ki. Ancaq, fakt faktlığında qalır. Can da yandırmaq istəyirsən, barmaqarası baxırlar. O gün Azadlıq Radiosunun (həmişə bunları deyirəm deyə, elə bilməyəsiniz ki, gözümçıxdıya salmaq istəyirəm. Uman yerdən küsərlər, elə deyilmi?)  saytında verilmiş əlaqə ünvanına yazdım, səs-səmir gəlmədi. Səhvlərini də düzəltmirlər. Başlıqda bu cür səhvlər görmək adamın bütün oxumaq həvəsini öldürür.
  • Daha bir danışıq dili incisi: doğurdan. Özüm də belə deyirəm. Ancaq, demək bir şeydir, yazmaq başqa. Bunun ki, kökü gedib ərəb ya fars dilinə çıxmır. Yəni, görünmür ki, kök “doğru” sözü ola-ola, ona çıxışlıq hal şəkilçisi “-dan” qoşulanda “doğrudan” yazılmalıdır? Bilməyənlər üçün deyim, bilənlərin də yadına salım ki, bizim dil bütün türk dilləri kimi iltisaqi dildir, avropa dilləri, rus dili ya ərəb dili kimi flektiv dil deyil. Sadə dillə desək, sözün kökünə şəkilçi qoşulanda kök dəyişmir. İstisnalar var, düzdür, amma onlar da – məlum olduğu kimi – qaydanı təsdiqləyir.
  • Amma demişkən, bu yazıq “amma”ni təzəlikcə “ama” yazırlar. Burda yenə də Türkiyə seriallarının izini görürəm. Doğrudur, biz də tez danışanda “ama” deyirik, ancaq aramla danışanda demirik. Yazıda “ama” işlətmək azərbaycan dilində yoxdur.
  • Digər maraqlı hal “f” ilə “v” hərfləridir. Bir çoxları bunları fərqləndirə bilmir. Töhvə, səf, töfsiyyə, aftamat kimi əndirəbadi yazılışlar da burdan gəlir. Düzgün yazılışları belədir: töhfə, səhv, tövsiyə, avtomat.
  • Son olaraq da Azadliqda çox eşitdiyim, az qala hər gün qulağımı deşən “giqaherts” sözüdür ki, Azadlığın rusdilli diktoru bunu “giqoherts” deyir. Bu söz “giqa-” ön şəkilçisi ilə yaranır ki, beynəlxalq  ölçü vahidlərinin milyardlıq mislini bildirir. Rusdilli diktorumuz özünü hamıdan ağıllı sayıb “giqO” deməklə bu həqiqət dəyişmir.

Beləcə…


Azərbaycan dilinin rus dili irsini nə qədər tənqid etsək də, bu dilin dilimizin söz ehtiyatının zənginləşməsində xüsusi rolu olub.

Azərbaycanın işğalından sonra, rus dili yeni biliklər əldə etməyin başlıca vasitəsinə çevrilmişdi (elə günü-bu gunədək də belə qalıb). Avropa sözlərinin rus dilinə tərcümə olunub gəlməsi, bir çoxunun bizim dilə, təzədən ruscadan bir də çevrilib gəlməsi ilə baş verirdi. Rusların tərcümə eləmədikləri yeni sözləri, elə biz də necə var almışıq. Düzdür bir sıra hallarda bu elə başdansovdaca tərcümə olub, hərfi tərcümələrə yol verilib.

Ancaq hər necə olubsa, azərbaycan dilinin öz söz xəzinəsindən istifadə olunub ve bu sözlər dilimizdə bir növ Türkiyədəki “galeti-meşhur”lar (yəni məşhur qələtlər, səhvlər) kimi qalıblar. Qələti-məşhurlar, tərcümədə baş verən səhvlər üzündən, xarici(əsasən ərəb) sözün türkcəyə ilkin dildəki kimi deyil, ondan tamam fərqli, bəzən hətta əks məna ilə belə çevrilməsindən əmələ gələn sözlərdir. Bizdə buna xüsusi ad verməsələr də belələri var. (Indi yadıma gəlmir, amma var. Yada düşdükcə bu yazını yeniləyəcəyəm.)

Sözümün canı budur ki, fars dili bizə tarixən yaxın olub deyə, bu sözlərin bir çoxu fars dilindən gəlsəydi elə olduqları kimi də qalacaqdı. Amma rus dili ilə heç bir ortaq nöqtəmiz olmadığı üçün, sırf rus dilindən gələn sözlərin çoxunu azərbaycanca işlətmək görünür camaata qəribə gəlirmiş. Nəticədə rus sözlərini (slavyan köklü olanlarını) tərcümə edib daha anlaşıqlı, daha doğma şəklə salırdılar. Ancaq rus dilinə olduğu kimi gəlmiş avropa sözlərini eləyə bilmirdilər. Mən belə başa düşürəm ki, bu da avropa dillərini bilməməkdən irəli gəlirdi (yada salaq ki, ziyalı təbəqə arasında olan fransız dili dəbi, yalnız, ruslarla oturub-durandan sonra yarandı).

Avropa dillərini (xüsusən də fransız dilini) az-çox öyrənəndə də, artıq rus dili bunlar kimi əcnəbi dil olmaqdan çıxmışdı. Belə ki, ruslarla “birtərəfli mədəniyyət mübadiləmiz” genişləndikcə artıq onların dili bizə digər Avropa dilləri kimi qəribə və yabanı bir şey kimi görünmürdü. Hərə az-çox, nə isə bilirdi. Ona gorə də, bu dilə avropa dillərindən tərcümə olunub gələn sözləri, biz yenə də öz sözlərimizlə tərcümə etməyə davam edirdik.

Eyni anlayışları fars dili vasitəsilə öyrənsəydik, onları türk mənşəli sözlərə, çətin ki, çevirəydik. (Necə ki, Güneydə çevirməmişik). Bu baxımdan, rus dili azərbaycan dilinin söz ehtiyatının inkişafında müsbət rol oynayıb, məncə.


Bir neçə ay bundan qabaq, həmişəki gülünc bəhanələrlə zindana atılmış jurnalistlərdən birinin ailəsi ona baş çəkmişdi. Görüşdən sonra yeniyetmə qızını danışdırdılar, dedilər, bəs, nə hisslər keçirirsən? Dedi “of bə, elə bil dünyanı mənə verdilər!”

… İndi deyirəm, qızım, dünyanı verdilər, lap yaxşı. Daha bu  “of bə” nə idi?! “Of”umuz var, buna bə artırmaq təzə dəbə minib? (Əslində,”bə”miz var, ancaq o “bə”dən deyil, “bəs”in ləhcə variantıdır)

Bu da “Türkiyə filmlərini olduğu kimi versinlər” deyənlərə cavab…Özü də, bu meyli çoxdandır hiss eləmişəm. Beş il qabaq belə şeylər az-az rast gəlinərdi. İndi isə yetişməkdə olan nəsil elə bu cür xoruz buraxa-buraxa gedir. Ancaq, hara gedir, Allah bilir…

Yenə də deyirəm, belə yaxınlığın (necə də olsa kökümüz birdir) yaxşı tərəfləri az deyil. Elə özüm gündəm, özəlləşdirmə, cizgi filmi (bunun haqqında xüsusi qeydim olacaq) kimi sözləri sevə-sevə işlədirəm. (Bilgisayar da çox xoşuma gəlir. Heyf ki, işlətmirik). Bunlar biz danışan dilin quruluşuna, söz xəzinəsinə uyğundur və adamın qulağını oxşayır. Üstəlik, ya əvvəllər olmayan məfhumlar üçün işlənir, ya da əvvəlkilərini daha doğma səslənənlərlə əvəz etmək üçün.

Ancaq, danışıq dilinin ədatlarını da durub Türkiyə seriallarından öyrənsək, daha bu olmadı ki…


Deyirəm, rus dili irsindən nə qədər qurtulmağa çalışsaq da, olmur ki, olmur. Neynək, rusca eşitmişik də bu zəhirmar şəhərlərin  adlarını… Dəyərli jurnalistlərimiz dünənki yazılarında almanca adı “München” gedən şəhərin adını bizə Münhen kimi təqdim eləyiblər.

Razı deyiləm. Ruslar Münxen deyir deyə, jurnalistlər də, özlərini yormadan eləcə “x” yerinə “h” yazıb canlarını qurtarıblar. Lap Pasport Stolunun memurları kimi… Halbuki, “x” səsi bizdə var. Ruscadakını demirəm, almancanın özündə “x”dirsə, bizdə niyə “h” olmalıdır ki? Lap döndü almanca adı “Goethe” yazılıb, Göte oxunan böyük şairin bizdə birdən-birə dönüb Höte olmasına. Dalınca da İsveçdəki ‘”Goetheburg” dönüb olub Höteburq… adamın gülməyi gəlir. Tək bunlar olsa, nə dərdimiz var idi…

Ruscadan çevirmə qəliblərini dilimizə kor-təbii tətbiq eləməkdənsə, bir azca helm işlədib məntiqli olmaq daha yaxşı olmazdımı?… Jurnalistdə də günah yoxdur əslində. Hanı orfoqrafiya lüğətləri? Hanı izahlı lüğətlər? Hanı Dil Qurumu? Az qala 20 il keçib daha…Daşdan səs çıxdı, filankəslərdən səs çıxmadı…