Çərpələng-Dağınıq fikirlər bloqu

Dünya universitetlərinin Şanxay sıralaması – 2009

Posted on: May 23, 2010


Keçən il Şanxay Universitetinin elmi çevrələrdə tanınmış sıralamasının 2009 buraxılışı işıq üzü gördü. O vaxtdan nə qədər elədimsə, bu qaralamanı tamamlamağa vaxt ayıra bilmədim. İndi bu məşhur sıralamanın 2010-cu il buraxılışının çıxmasına bir neçə ay qalır. Yenə də dedim bu yazını dərc eləyim – həm vaxtım hədər getmiş olmaz, həm də 2010-la müqayisə özlüyündə maraqlı ola bilər.

Ümumi sıralama

Burada müxtəlif meyarlar üzrə dünyanın 500 ən qabaqcıl ali təhsil ocağını sıralayırlar.  Azərbaycan universitetlərini axtardım, təbii ki, tapmadım.

Ümumi sıralamanın ilk yüzlüyündəki universitetlərin 55-i ABŞ təhsil ocaqlarıdır. Bu olduqca böyük rəqəmdir. Yəni, dünyanın ən güclü universitetərinin yarısından çoxu Amerika Birləşmiş Ştatlarındadır. Fransız universitetlərindən ilk yüzlükdə ardıcıllıqla Paris 6 (Pierre et Marie Curie -40-cı yerdə), Paris 11 (Paris Sud -43-cü yer) və Ecole Normale Superieure (ENS -70-ci) vardı. İlk 20 universitetin 17-si ABŞ universitetidr. Qalan üçü Britaniyanın Kembric, Oksford və Yaponiyanın Osaka universitetləridir. Amerika, B.Britaniya və Avstraliya universitetləri birlikdə ilk 100 universitetin 69-nu təşkil edirlər. Yüzlükdəki bir ovuc ölkənin qalanı haqda rəqəmlərə bu keçiddən baxmaq olar.

Qonşularımız
Rusiya adına bircə Moskva Dövlət Universiteti (МГУ) gözə dəyirdi (77-ci yerdədir, çox böyük nailiyyətdir, ancaq Rusiya kimi bir nəhəngdən yeganə darülfünundur ki, ilk yüzlüyə düşüb, (o da riyaziyyat qolunun gücü hesabına?), bir də dördüncü yüzlükdə Sankt-Peterburq Dövlət Universiteti (СПбГУ). “Türkiyə” adı ilə axtarış verəndə yalnız İstanbul Üniversitesi çıxır (o da ilk beşyüzlükdə). İrandan Tehran Universiteti da bu aralığa düşür. Türkiyənin tanınmış təhsil ocaqlarının(ODTÜ, Boğaziçi, Bilkent) bu siyahıya heç düşməməsi belə siyahılarda istifadə olunan meyarların vacibliyini bir daha ortaya qoyur. Məhz buna görədir ki, bir sıralamada heç yer almayan universitet başqa birisində qabaqcıl yerlərdən tuta bilir və əksinə.

Iqtisad fənni üzrə sıralama
İqtisad üzrə sıralanma bu yuxarıdakıları tam təkrar etməsə də, ümumi nəticələr təxminən eyni idi. Hətta anqlo-sakson universitetlərinin hegemonluğu daha da açıq görünür. Belə ki, ilk əllilikdəki universitetlərin demək olar ki, hamısı ABŞ və bir neçə B.Britaniya və Kanada universitetləridir. Yalnız 40-cı yerdə Fransanın İNSEAD biznes məktəbidir ki, bunun da bütün tədris üslubu tam Şimali Amerika standartlarına görə biçilib. 45-ci yerdə olan Hong Kong Dəqiq Elmlər və Texnologiya Universiteti də bura aiddir.

Umumiləşdirsək, aşağıdakı nəticələrə gəlmək olar:
– Dünyanın elm dili əsasən ingilis dilidir, iqtisad dili isə sözsüz ingilis dilidir.
– ABŞ elə bir elmi potensial toplayıb ki, çətin iqtisadi geriləmələr onu geri atsın
– Sosial elmlər üzrə sıralamada MDB universitetlərinin izi-tozu da yoxdur, iqtisad üzrə (bizim AzDİU-dan ki, heç danışmıram).

Tövsiyələrə gələk:

-Bütün bunlar xaricə tələbə göndərən dövlət proqramında nəzərə alınsın: Məsələn, Türkiyəyə iqtisad üzrə tələbə göndərəndə Filan Universitetə üstünlük verilsin.
-Bu cür sıralamalarda yer tutmaq ən yaxşı marketinq fəndidir. Bizim universitetlər də nə vaxtsa rüşvətdən əl çəkib pullarını xarici tələbələri cəlb etməklə qazanmaq istəsələr, bu sıralamada və bir neçə başqa sıralamalarda götürülən meyarları diqqətlə öyrənməlidirlər.

Qeydlər:

1) Dünya universitetlərinin başqa beynəlxalq sıralamaları da mövcuddur (Times, Newsweek jurnallarının sıralamaları, Webometrics, Tayvanın HEEACT və s.). Hərəsinin öz meyar dəsti var. Ortaq meyarlar da az deyil. Bir neçə sıralamanın meyarlarını götürmüş eklektik/sintetik olanlar da var. Burada təqdim etdiyimiz Şanxayın Jiao Tong Universitetinin təşkil etdiyi sıralamadır. Onun seçdiyi meyarların tənqid olunan tərəfi budur ki, “Science” və “Nature” jurnallarında çap olunan elmi məqalələrin müəlliflərnin və Nobel mükafatı alan alimlərin işlədiyi universitetlərə üstünlük verirlər. Digər bir məsələ universitetin ölçüsüdür ki, bu sıralamada böyüklər kiçiklərə nisbətən üstün görünür. (Strasburq universitetlərinin inzibati baxımdan birləşdirilməsinin səbəblərindən biri kimi məhz belə sıralamalarda əlverişli yerdə görünmək istəyini göstərənlər var.) Bütün bu meyllər də təbii ki, anqlo-sakson universitetlərinin belə sıralamalarda öndə olmalarına şərait yaradır. Digər bir əyilmə bu meyarların dəqiq elmlər və təbiət elmlərinə verilən ağırlıqda özünü göstərir (Rusiyanın iki və İranın bir universitetinin də bu siyahıya düşə bilməsi bəlkə də elə bununla izah olunar).

2)MDB universitetlərini bu cədvəldə sıralayırlar. BDU 87 təhsil ocağı arasında 65-ci yerdədir.

Advertisements

3 Cavab to "Dünya universitetlərinin Şanxay sıralaması – 2009"

Bir maraqlı məqam da var ki, Ermənistanın BDU ekvivalenti 38-ci sırada yerləşib.

Mətin, sən əlbət axırda göstərdiyim RatER sıralamasını deyirsən. Bunu Rusiya mütəxəssisləri hazırlayır. Onun meyarları bu keçiddədir. Bu cədvəl də maraqlı olar. İlk 500-ə düşmüş ölkələri göstərir.

Bilirsən, burda Rusiyanın Kuban Dövlət Universiteti İstanbul Teknik Üniversitesindən, Xalqlar Dostluğu Universiteti Université Catholique de Louvain’dən, Lomonosov adına Dövlət Universiteti isə Harvard və Stənforddan irəlidədir. Məsələn ola bilər ki, rusların “elmi məqalə” anlayışı Qərbinkindən daha genişdir və özlərinin oxu komitəsi (peer-review) olmayan jurnallarını da bura aid edirlər. Ona görə də, yenə də təkrar edirəm ki, bütün sıralamalara ehtiyatla yanaşmaq lazımdır.

MDB məkanı təhsil ocaqlarının sıralamasında Orta Asiyadan yalnız qazax ve bir özbək universitetinin olması düşündürücüdür. Gürcüstana aid heç nə yoxdur, subyektivlik varmı? Ukraynadan Kiyevə aid heç nəyin olmaması da diqqət çəkir. Məncə Bakının sıralamada olmasına sevinmək lazımdır. Fatma nənəm demiş “eşşək olmadığımıza şükr edək…”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: