Çərpələng-Dağınıq fikirlər bloqu

Elmi model nədir?

Posted on: Sentyabr 9, 2009


Söhbət nə gözəllik müsabiqəsindən, nə avtosalondan, nə də aerodinamika dərnəyindən getmir. Model ilk növbədə nəzəriyyədir (belə eləsəm, belə olar, sonra da belə-belə olar). Fərziyyələr üzərində qurulmuş bir mühakimə ardıcıllığıdır. Konkret qoyulan bir suala cavab axtarmaq üçün qurulmaqla yanaşı, daha geniş proseslərin cərəyan etdiyi şərti analitik ortam kimi də nəzərdə tutula bilər. Aviasimulyatora bənzəyir: əyani təcrübə imkanı məhdud olduğundan özümüzün təyin etdiyi şəraitdə təyyarəni necə idarə edəcəyimizə baxırıq. Yəni, seçdiyimiz fərziyyələr altında iqtisadi dəyişənlərin necə davranacağını təhlil edirik. Həyatda bu şərtlər ödənməyə bilər, fərziyyələr yanlış ola bilər. Bəs onda modelləşdirmə nəyə gərəkdir? Ən əvvəli ona görə ki, bu şərtlərin ödəndiyi hallar da ola bilər. Ancaq daha geniş düşünək. Dama-dama göl olar. Bu gün ifrat sadə, hətta sadəlövh görünən fərziyyələr, sabah həmin sahədə bilik yığılıb artdıqca işlənib daha məqbul şəklə gətirilə bilər. Beləliklə, model daha da gerçəkçi şəkil alar. Sonradan bu bünövrəyə başqa suallara cavab tapmaq üçün daha çox dəyişən əlavə olunar. Cəmiyyət elmləri büsbütün belə göllərdən ibarətdir ki, bünövrəsi damla olub.
Elmi modelin həyatda ən uyğun qarşılığı pazl (puzzle) oyunudur. Çoxsaylı dağınıq parçalardan vahid bir şəkil düzəltmək tələb olunan bu oyunda parçacıqları elə hey bir-birinə calamağa çalışırsan ki, bir zada oxşasın. Bir də görürsən ki, tamam səhv eləmisən. Məcbursan qayıdıb bir də başlayasan, parçacıqları ora-bura fırladıb bir də irəliləyirsən. Şəkil çox böyük, parçalar çox kiçikdirsə, bezib bitirməyə də bilərsən. Ancaq növbəti oyunçu gəlib davam edəcək, sonra bir başqası… Hərə öz yaradıcı bəhrəsini verəcək ümumi işə, hərə bir bucaqdan baxacaq parçacıqlara və beləcə yavaş-yavaş şəkil gözümüzün önündə canlanmağa başlayacaq – əvvəlcə ayrı-ayrı hissələri sonra isə hamısı. Şəklin tamamı hazır olmamış hərə bir şeyə oxşadacaq, ta ki, əslində tamam başqa şey olduğunu görməyincə…
İndi bizim bu nəyimizə lazımdır ki?
İqtisadiyyatın mexanizmini öyrənsək, gələcək üçün proqnozlar qura bilərik. Əgər arzuolunmaz şəkildə inkişaf olsa, bunu düzəltməyin çarəsini daha tez tapa bilərik, maddi rifahımızı yüksəldə bilərik. Sual oluna bilər ki, “kimdir belə şeylərə qulaq verən?” Məncə ölkənin qərar mərkəzlərində hələ də eşidən insanlar qalıb və onlar var olduqca bu tədqiqatların yeri olacaq. Bir də ki, ağıl ağıldan üstündür deyiblər. Sabah bu araşdırmalardan cəmiyyətdəki bir çox müxtəlif səpkili məsələlərin tədqiqatçıları faydalana bilər. İstənilən halda bu səylər boşa çıxmayacaq. Ona görə də, yetişməkdə olan alimlərimizi modelləşdirmənin gücünə inanmağa çağırıram.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: