Çərpələng-Dağınıq fikirlər bloqu

Azərbaycan iqtisadiyyatını necə modelləşdirməli?

Posted on: Sentyabr 9, 2009


Azərbaycan iqtisadiyyatını izah etməyə çalışan modellər necə olmalıdır? Gündəlik gerçəkliyimizi əks etdirməli, ölkəyə aid oluna biləcək ümumiləşdirmələrə söykənməlidir. Fərziyyələrinə keçməmişdən əvvəl məni iqtisad elmində həmişə narahat etmiş bir məsələ üzərində durmaq istəyirəm. Standart iqtisadi nəzəriyyələrdə dövlətin qərar funksiyası məni həmişə düşündürub. Orda dövlət həmişə sosial optimuma can atan (istər Bentamın libertarian görüşləri, istər məşhur Pareto optimumu, istərsə də Rawls-un sosial ədalət məfhumu baxımından) bir qüvvə kimi görülür. Ancaq tutalım ki, iqtisad elmi məhdud vəsaitlərdən səmərəli istifadənin bütün yollarını tapdı. Məgər dövlət bu yollara həmişə əməl edəcəkmi? Bu suala “hə” cavabı vermək iqtisad elmini sosial elm olmaqdan çıxarır, texniki elmlər sırasına gətirir. Halbuki, iqtisadın gücü məhz dəqiq elmlərdən bəhrələnib, sosial qanunauyğunluqları tədqiq etməkdədir. Əgər dövlətin məqsədi təmənnasız şəkildə cəmiyyətin faydalılıq funksiyasının maksimumunu aramaqdan fərqlidirsə, onda əlbəttə ki, elmin verdiyi tövsiyələri həyata keçirməyə həvəsi olmayacaq. Bizim məmur gerçəkliyimizi nəzərə alsaq, standart iqtisadın bəs etmədiyi aydın olur (bu baxımdan J.Olters-in bu məqaləsi olduqca maraqlı və məlumatlandırıcıdır).

Odur ki, Azərbaycan iqtisadi həyatını tədqiq edən modellər aşağıdakı fərziyyələr üzərində qurulmalıdır (populizmə qapılmadan bunların işçi fərziyyə olduğunu unutmamalı və hər an rədd oluna və dəyişdirilə biləcəyini bilməli):

1) Sərmayədarla məmurun eyni adam olması faktı öz əksini tapmalıdır. Burda “mənfəət güdmə”(rent seeking) nəzəriyyələri köməyə gələ bilər.

2) Rüşvət elementi modelə daxil edilməlidir. Məsələn, Chanda (2005) cəmiyyətdəki müxtəlif maraq qruplarının kapital ixracına qoyulan məhdudiyyətləri aşmaq üçün verdiyi rüşvəti modelləşdirir və onu suboptimallığı əks etdirən xalis itki (deadweight loss) kimi görür.

3) Xarici təsir modelə daxil olunmalıdır
Hökümətin qərarları bu və ya digər dərəcədə beynəlxalq təşkilatlar və əcnəbi ölkə hökumətlərinin (ex ante və ya ex post) birbaşa və ya dolayı təsiri (bunlara şərti olaraq “beynəlxalq ictimai rəy” toplu adını vermək də olar) ilə formalaşır.

4) Dövlətin daxili və xarici borc yükü yoxdur
Neft gəlirlərini daxili borcun ödənilməsinə yönəltməklə özəl sərmayəçilərə kapital qoyuluşunu (equipment goods) artırmaq imkanı vermək (Collier və Gunning (2005) kimi qərarlar bizim üçün keçərli deyil.

5) Ölkədaxili narazılıq yoxdur/dişsizdir.
Bu halda, hökumət iqtisadi qərarlar verərkən ictimaiyyəti nəzərə alma əmsalı kiçikdir (yalnız seçkilər qabağı artıb statistik əhəmiyyət daşıyır); deməli ictimai seçim nəzəriyyəsi (Buchanan tipli) də bura uyğun deyil: seçicilərin istədiyini demək və etmək yalnız o vaxt maraqlı ola bilər ki, yenidən seçilməmək qorxusu olsun.

6) Cəmiyyətdə dilimlənmə (fractionalization) vardır. Bu dilimlənmənin din, dil ve ya etnik mənsubiyyət aspektlərinə baxmaq olar.Bunlar klassik elementlərdir. Ancaq Azərbaycan şəraitində dilimlənmə və onun ölkə üzrə paylanması(segregation) (yəni, bir növ sıxlığı) göstəricisinin qurulması vaxtı siyasi görüşlər, yerliçilik, klan mensubiyyəti kimi verilənlər istifadə olunsa, iqtisadi qərarların qəbul mexanizmini öyrənəcək olan nəzəri model, fikrimcə, daha dolğun və doğruçu olar. Təbii ki, bu kateqoriyalar üzrə statistika olmayacaq. Odur ki, düşünüb proksi tapmaq lazım olacaq.( Söhbət bu məfhumlar üçün ölçüləbilən və ən əsası gerçəkçi əvəzləyicilərdən gedir).

Əlbəttə ki, cavabını axtardığımız nəzəri sualdan asılı olaraq bu fərziyyələr siyahısı genişləndirilib daraldıla bilər. Ancaq fikrimcə, istənilən modeldə ilk üç fərziyyəyə bu və ya digər şəkildə yer ayrılmalıdır ki, Azərbaycan gerçəkliyini azacıq əks etdirə bilsin. Sosial faydalılıq funksiyası , hökumətin faydalılıq funksiyası(əgər birincidən fərqlidirsə), büdcə məhdudiyyəti, global investisiya funksiyaları bunları nəzərə alıb qurulmalıdır.(Olters(2007) bu haqda geniş ədəbiyyatı nəzərdən keçirir).

Model üzərində işlərkən dəyişənlər elə seçilməlidir ki, empirik iş zamanı kəmiyyət baxımından əlverişli göstəricilərlə işləmək olsun. Bir sözlə, nəzəri dəyişənlər hesablanabilən olmalıdır ki, statistikadan istifadə edib konkret nəticələr əldə oluna bilsin.

Bunları bizdə etmək nə qədər çətin olsa da, ilk addımı atmağa qorxmayaq. Bir də gördünüz, damıb göl oldu.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: