Çərpələng-Dağınıq fikirlər bloqu

Maliyyə-iqtisad sözlüyünü necə görürsünüz?

Posted on: Mart 8, 2009


Əvvəlki yazımda artıq sözlük layihəsi haqda qısaca yazmışdım. İndi istəyirəm bu layihəyə qoşulmaq istəyənlərə daha dolğun məlumat verim.
Bu günkü iqtisadın dili ingilis dilidir. Bütün yeni anlayışlar o dildən gəlir. Onları düzgün tərcümə etmək elə də asan iş deyil. Başdansovda tərcümələrinsə faydalı iş əmsalı az qala sıfırdır, oxuyan heç nə başa düşmür. Çünki, o məfhumları anlamaq üçün geniş təriflərini oxumaq, hansı yerlərdə işə yaradığını bilmək gərəkdir.

Odur ki, məqsədimiz bilinən söz və anlayışlarla yanaşı bu anlayışları da azərbaycandilli elmi ortama gətirmək və geniş izahını vermək olmalıdır ki, ingilisdilli ilkin məqalələri oxuyanda iqtisadçılar əziyyət çəkməsin, xaricdə oxuyub gələn ziyalılarımızın da məqalələrini oxuyanda da arada anlaşılmazlıq uçurumu olmasın. Xaricdə oxuyanların da dili bu minvalla başa düşülə biləcək tərcümələrlə zənginləşər.

Məhz buna görədir ki, layihənin adını lüğət deyil, sözlük qoymuşuq. Sözlük daha iddialı işdir. Belə ki, lüğətdə yalnız sözlərin tərcümə olunan dildə qarşılığı verilir. Sözlükdə isə bununla birgə, anlayışın geniş izahı verilir. Bir növ izahlı lüğətə bənzəyir, ancaq mənim düşündüyüm izahlar belə lüğətdə olandan daha genişdirlər. Dövlət Sərvət Fondları haqqında yazdığım izah buna misal ola bilər. Bundan başqa, investopedia.com saytını bu qəbildən uğurlu layihə kimi görürəm.(Düzdür bizim izahlar bunlarınkından uzun olsa, daha məqsədəuyğun olar. Ümumi format baxımındansa əsl nümunə götürüləcək şəkildə qurublar). Bizə qoşulmaq istəyənlər mənə kn233071@yahoo.com ünvanına yaza bilərlər.

Sayta qoyulmasa da, bu haqda keçən dəfəki yazımdan bəri, bu istiqamətdə az da olsa iş getmişdir. Bircə, düzgün lüğət qəlibi (template) tapmaqda çətinlik çəkirik.Belə ki, http://www.wordpress.com’da qeydiyyatdan keçən bloqların yiyələrinə (owner) bloqun düzümünü (appearance) dəyişmək haqqı yoxdur. Ya gərək təzədən wordpress.org’da bloq açım, ya da öz saytımı quraşdırım. Hər iki halda informatika səriştəsi (əsasən web-design) tələb olunacaq ki, bu da özümdə elə də yüksək deyildir. Odur ki, hələlik irəliləyişlərimizi sizinlə bölüşə bilməmişəm.

Digər tərəfdən, iqtisad tələbələri və müəllimlərinin, tədqiqatçıların, həmçinin də iş adamlarının belə bir sözlükdən gözlədiklərini bilməmiz yaxşı olardı. Bunu bilməmək işdə bir az qeyri-müəyyənlik yaradır. Bilsək, əvvəlcədən işimizi daha doğru tutarıq, cəmiyyət üçün də daha xeyirli bir iş görərik. Ona görə də, iqtisadçıların (və ümumiyyətlə, bu sahə ilə maraqlananların, iqtisadi mətnlərlə gündəlik təmasda olanarın) bu aşağıdakı sorğuda iştirakını vacib bilirəm. Seçimlərin arasında görmək istədiyiniz bir iqtisad ya maliyyə sahəsi varsa, buyurub lap aşağıda verilmiş boşluğa yaza bilərsiniz. Əvvəlcədən, iştirakınıza görə çox sağ ol deyirəm.

Bir şərh yazın

Səhifələr