Çərpələng-Dağınıq fikirlər bloqu

Rus dili bizə nə verib?

Posted on: Fevral 14, 2009


Azərbaycan dilinin rus dili irsini nə qədər tənqid etsək də, bu dilin dilimizin söz ehtiyatının zənginləşməsində xüsusi rolu olub.

Azərbaycanın işğalından sonra, rus dili yeni biliklər əldə etməyin başlıca vasitəsinə çevrilmişdi (elə günü-bu gunədək də belə qalıb). Avropa sözlərinin rus dilinə tərcümə olunub gəlməsi, bir çoxunun bizim dilə, təzədən ruscadan bir də çevrilib gəlməsi ilə baş verirdi. Rusların tərcümə eləmədikləri yeni sözləri, elə biz də necə var almışıq. Düzdür bir sıra hallarda bu elə başdansovdaca tərcümə olub, hərfi tərcümələrə yol verilib.

Ancaq hər necə olubsa, azərbaycan dilinin öz söz xəzinəsindən istifadə olunub ve bu sözlər dilimizdə bir növ Türkiyədəki “galeti-meşhur”lar (yəni məşhur qələtlər, səhvlər) kimi qalıblar. Qələti-məşhurlar, tərcümədə baş verən səhvlər üzündən, xarici(əsasən ərəb) sözün türkcəyə ilkin dildəki kimi deyil, ondan tamam fərqli, bəzən hətta əks məna ilə belə çevrilməsindən əmələ gələn sözlərdir. Bizdə buna xüsusi ad verməsələr də belələri var. (Indi yadıma gəlmir, amma var. Yada düşdükcə bu yazını yeniləyəcəyəm.)

Sözümün canı budur ki, fars dili bizə tarixən yaxın olub deyə, bu sözlərin bir çoxu fars dilindən gəlsəydi elə olduqları kimi də qalacaqdı. Amma rus dili ilə heç bir ortaq nöqtəmiz olmadığı üçün, sırf rus dilindən gələn sözlərin çoxunu azərbaycanca işlətmək görünür camaata qəribə gəlirmiş. Nəticədə rus sözlərini (slavyan köklü olanlarını) tərcümə edib daha anlaşıqlı, daha doğma şəklə salırdılar. Ancaq rus dilinə olduğu kimi gəlmiş avropa sözlərini eləyə bilmirdilər. Mən belə başa düşürəm ki, bu da avropa dillərini bilməməkdən irəli gəlirdi (yada salaq ki, ziyalı təbəqə arasında olan fransız dili dəbi, yalnız, ruslarla oturub-durandan sonra yarandı).

Avropa dillərini (xüsusən də fransız dilini) az-çox öyrənəndə də, artıq rus dili bunlar kimi əcnəbi dil olmaqdan çıxmışdı. Belə ki, ruslarla “birtərəfli mədəniyyət mübadiləmiz” genişləndikcə artıq onların dili bizə digər Avropa dilləri kimi qəribə və yabanı bir şey kimi görünmürdü. Hərə az-çox, nə isə bilirdi. Ona gorə də, bu dilə avropa dillərindən tərcümə olunub gələn sözləri, biz yenə də öz sözlərimizlə tərcümə etməyə davam edirdik.

Eyni anlayışları fars dili vasitəsilə öyrənsəydik, onları türk mənşəli sözlərə, çətin ki, çevirəydik. (Necə ki, Güneydə çevirməmişik). Bu baxımdan, rus dili azərbaycan dilinin söz ehtiyatının inkişafında müsbət rol oynayıb, məncə.

5 Cavab to "Rus dili bizə nə verib?"

Hardasa haqlısan. Sovet vaxtı Avropa qapıları bağlı idi. Rus alimləri Qərbdəki elmi öyrənib ruslaşdırırdılar, çox sözlər olduğu kimi qalırdı. Biz və bizim kimi digər xalqlar ruslardan öyrənirdik. Dilimiz də rus dilini tranzit kimi istifadə edib Avropa ölkələrinin dilindən bəhrələrinirdi (alman, fransız, ingilis, latın və qədim yunan). Həm bizim kitabxanamız rus kitabxanasının yanında qarışqa boydadır. Rus dili xarici ədəbiyyat üçün açar olub. Təbii ki, rus dilinin bizə yararları olmuşdur.

İlk başda, Azərbaycan dili demək məncə səhvdir, Azərbaycanda kürd də ola bilər. Üstəlik, Azəri də səhvdir. Bizim dil elə qədimdən bəri türkcə adlanıb. İkincisi bu ki, bu postunuzla ilgili demək istərdim ki, məncə də rus dilinin Quzeyin türkcsəinə təsirinin çox faydalı olduğunu danmaq olmaz, yəni, təbii ki dillər bir-birinin təsiri altında zənginləşir, necə ki, ərəbcəni farsca və türkcədən çıxarsaq, ikisi də çökər. Demək istərdim ki, indi rusca sözcüklər nə qədər ki, sizə doğma gəlmir, elə farsacalar da əslində elə olmalı idi. Amma zamanla farscanı yaddan çıxardığınız üçün onları da rahat türkcə sözcüklər arasına yerləşdirirsiniz. Halbuki, farscalar – ya bəlkə doğru desək farslardan aldığımız ərəbcə sözcüklər – indi Güneydə bizə doğma görünmür və dildə təmizlik aparamalı olduğumuzu sanırıq. Bu arada osmanlı türkcəsi də məncə məhz buna görə türkcəyə çeviriləndi. Onlar ərəbcələri yabancı sözcük kimi görüb, dildə təmizlik apardılar və indi ona görədir ki, Güneydə Quzeyin türkcəsinə yox bəlkə Türkiyənin türkcəsinə daha çox yaxın yazanlar çoxdur. Əlbəttə, bunun başqa nədənləri də ola bilər. İndi Quzeyin dili Osmanlı türkcsəsi kimi təqdim olunur Türkiyədə. Elə doğrudan da elədir, çünki bənzər nöqtələri çoxdur.

Xülasə ki, “dili zənginlədirir” şüarı altında yabancı sözcüklərə laqeydcə yanaşmaq o qədər də doğru görünmür və buna işarə etmək istərdim ki, farscadan aldığımız ərəbcələri də çox doğma görməməlidir.Türkcə özü çox zəngin (varsıl) dildir və sözcük törətmək üçün çox sağlam qaydaları var. Azərbaycanda da, keçən postunuzda dediyiniz kimi, Türk dil qurumu kimi bir zad lazımdır. Yəni, terminoloji komitəsi kimi bir qurumun var olduğunu bilirəm, ancaq dili başına ötürmək səhvdir bəlkə. Ruscalara göstərdiyiniz qayğını ərəbcələrə də göstərməlisiniz. Dili tamamı ilə təmizləmək olmaz, ancaq doğmalığına da zərbə vurmaq olmaz. Həm demək istərdim ki, indi Güneydə tamamən öz-türkcə yazanlar var. Farscalara qarşılıq tapmaq üçün çalışanlar çoxdur və bunu bacarırlar da. Əgər Güney yazarlarının yazılarına diqqət yetirsəniz, Türkiyə türkcəsindən daha arı, təmiz dillə rastlaşa bilərsiniz. Ancaq yenə də, zaman lazımdır Güneyə.Təmiz yazmamağı da öyrənməliyik.

Salam!
Fevralın 21-i bloqlarda Ana dili gününə həsr olunmuş “Düzgün yaz!” aksiyasına başlayırıq. Siz də aksiyamıza qoşulsanız çox sevinərik. Aksiya haqqında bloqumda daha ətraflı oxuya bilərsiniz. Bu keçiddə: http://hasanalizade.azeriblog.com/2009/02/14/chaghirish

Barlas, Türkiyə türk dilindən ərəb sözlərini çıxardı, amma nə faydası? İndi ki, ingilis, fransiz, alman sözləri yerləşdirib. Dil öz çərçivəsi daxilində inkişaf edə bilməz, o mütləq xaricdən söz almalıdir. Təbii ki, özündə olmayanlarını. Xarici dil eşqinə tutulub, bizdəki sözləri də başqa dildəki sözlərlə əvəz eləmək dili çökdürər.
O ki qaldi Türkiyə de Quzey Azerbaycanlıların Türkiyə türkcəsinə yaxın danişması bu sadəcə siyasi məqsədlər güdür! vəssalam! Türklər biz danışanda başa düşmürlər, bəlkə də düşmək istəmirlər !!! şəxsən mən öz təcrübəmdən deyirəm.

Ali Resh ‘e cevab
Siz yazmisiniz ki Türkiye de Azeri Türkcesini başadüşmürler.
mence onlarda suç yoxdu. Azerbaycan cumhuriyetinde dil o qeder ruslaşıb ki başa düşmek olmur. Burda (Erdebil ) insanlarin çoxu Türk kanallarina baxir çünkü onlarin dilini başa düşmek olur Azerbaycan kanallarina ise heç marağ yoxdu çünki sizin dil bizden çoooooooooox uzaqdir.
örnek üçün sizde Azeri kökünden olan “Onaylamaq” yerine ratifikatziya (ratification) deyirsiz. minlerce bele örnek sizin dili bizim üçün başadüşülmez duruma salib. Hetta siz Azeri türkcesindeki kelemeleri de rus lehcesinde deyirsiniz. Bu gedişle Azerbaycan milleti formalaşmaz.

Ali Resh üçün bir cavab yazın Cavabı ləğv et

Səhifələr